Dövrün tələbi: dürüstlük, şəffaflıq, xalqa xidmət...
Cənab Prezident İlham Əliyevin göstərişi ilə başlanılmış dövlət idarəçiliyinin bütün sahələrində kadr islahatlarının keçirilməsi bu gün də davam edir .
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, “xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq.Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər
Əlbəttə ki, ölkə başçısının start verdiyi islahat proqramının əsas amalı vətəndaşların sosial rifahının yüksəldilməsi, peşəkarlığın artırılması, dövlət qurumlarında korrupsiyaya və rüşvətə meyilli məmur təbəqəsinin idarəçilikdən uzaqlaşdırılmasıdır.
Dövlət başçısı ötən müddət ərzində məmurlara, yerli icra orqanlarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq etmişdir ki, işlərini düzgün qursunlar, ədalətli olsunlar. Prezident bu xəbərdarlıqlardan nəticə çıxarmayanların sərt şəkildə cəzalandırılacağını da əvvəlcədən bəyan etmişdir.
Bütün bu səylərə baxmayaraq respublikada neqativ hallar da üzə çıxır və narazıllara səbəb olur. Korrupsiyaya qarşı mübarizə tədbirləri, 5 icra başçısının, nazir müavini və nazirliyin vəzifəli şəxslərinin, bir generalın rüşvət və korrupsiya əməllərinə görə həbsi və bu əməliyyatlarla bağlı yayımlanan görüntülər cəmiyyətədə böyük rezonans doğurub. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Bu gün cəmiyyətimizdə baş verən neqativ hallarda cəmiyyətimizin laqeydliyinin və məsuliyyətsizliyinin də payı var. Laqeydlik və məsuliyyətsizlik həyatımızın ən böyük bəlalarından biridir. Bunun böyük ictimai bəlaya çevrilməməsi üçün hər bir vətəndaşdan belə səhv edənlərə qarşı ciddi mübarizə aparması tələb olunur.