Könüllülərin karantin dövründəki fəaliyyəti
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər.
Xüsusi karantin dövründə ahıl və kimsəsiz insanlara yardım məqsədilə Xaçmaz rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını həyata keçiriblər. Onlar rayon ərazisində yaşayan 100-dən çox tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər