Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmazda “Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi regional tədbir keçirib.

09 dekabr 2014 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun abidələrini ziyarət edib önlərinə tər güllər düzüblər.

Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Sarayında davam etdirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, polkovnik Zaur Abdullayev çıxış edərək kampaniyanın məqsədi haqqında ətraflı danışıb. Bildirilib ki, bu kimi tədbirlərdə müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər, güclü ordu quruculuğu prosesinin əhəmiyyəti ictimaiyyətin diqqətinə çatdırılır. Bununla yanaşı, “Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi tədbir qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltmək məqsədi daşıyır.

Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilib və hər an torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

Şəhid ailələrinin üzvləri onlara göstərilən dövlət qayğısından danışaraq, gənc nəslin nümayəndələrinə Vətən uğrunda canından keçən oğul və qızlardan nümunə götürməyi tövsiyə ediblər.

Tədbirdə şəhid ailələrinin üzvlərinə, gənclərin çağırışaqədər hazırlığı fənnini tədris edən müəllimlərə, eləcə də bu dərslərdə fəal iştirak edən şagirdlərə, rayonun icra strukturlarında çalışan bəzi əməkdaşlara xüsusi mükafatlar təqdim olunub.

Tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı öz repertuarından sevilən musiqiləri ifa edib.

Bu kimi kütləvi tədbirlərin Azərbaycanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.

Keçidlər