Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib
İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.
Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq.
Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.