Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Qaraçay-cek kəndinin qazlaşdırılması işləri başa çatdırılıb və yaşayış məntəqəsinə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Dekabrın 22-də 600 nəfərə yaxın sakinin yaşadığı Qaraçay-cek kəndinə ilk dəfə qaz verilməsi münasibətilə mərasim keçirilib.
Tədbirdə rayon rəhbərliyinin, “Azəriqaz” İB-in nümayəndələri çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik ediblər.
Bildirilib ki, regionların 2009-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq rayonda “mavi yanacaq”la təmin olunan yaşayış məntəqələrinin sayı 64-ə çatıb.
Diqqətə çatdırılıb ki, 149 abonentin olduğu Qaraçay-cek kəndində qazın çəkilməsinə 6 ay bundan əvvəl başlanılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün magistral qaz xəttindən daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Kəndin qazlaşdırılması üçün ümumilikdə, 9 min metr müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub.
Kənd sakinləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində yaşayış məntəqəsinə qazın verilməsini dövlətimizin onlara bayram hədiyyəsi kimi qiymətləndiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.