Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament seçkiləri ilə bağlı olduqca vacib məqamlara toxunmuşdur:

08 iyun 2020 | 16:00

Avropa Şurasına üzv olduğumuz  20 il ərzində bu beynəlxalq təşkilat həmişə dövlətimizə qarşı daim ikili standartlar prinsipindən çıxış edərək ,qərəzli, ədalətsiz  mövqeyi ilə diqqət çəkib. Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb. Ölkə başçısı iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdırdı. Ölkə başçısı Ermənistanda olduğu kimi, hazırda Dağlıq Qarabağda da xunta rejiminin hökm sürdüyünü bildirərək deyir:- “Xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Səbəb bəllidir. Çünki Avropa Şürası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!

Dünyada baş verən məlum ədalətsizliyə və  zorakılıqlara, dinc nümayişçilərə qarşı tətbiq edilən zorakılıqlardan və işgəncələrdən, kütləvi və qeyri qanuni həbslərə heç bir münasibət bildirməyən Avropa Şurasının ölkəmizə qarşı “demokratiya dərsi” keçmək cəhdi ikrah hissindən başqa təbii ki, heç bir şey deyildir. Avropa Şürası insan haqları, siyasi hüquq və azadlıqlar məsələsində də daim Azərbaycana qarşı qərəzli mövqe tutub.

Avropa Şurası kimi beynəlxalq təşkilatlar daim Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipini qorumayıblar və verdikləri mücərrəd bəyanatlarla dolayısı yolla işğalçı Ermənistanı dəstəkləyiblər. Otuz ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. Ancaq bu müddət ərzində Avropa Şurası işğalçı Ermənistanı bir dəfə də olsun öz adı ilə çağırmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma ata-baba ocaqlarından zorla didərgin salınıb. Avropa Şurası soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında indiyədək Ermənistanı günahlandıran bir dənə də qətnamə qəbul etməyib və işğal etdikləri əraziləri qeyd-şərtsiz tərk etmələri barədə tələb irəli sürməyib. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması istiqamətində ədalətli mövqe sərgiləməməsi də qurumun ölkəmizin sürətli inkişafını həzm edə bilməməsindən irəli gəlir.

Dünyanın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi dövrdə təcavüzkar Ermənistan bu ilin 31 mart tarixində beynəlxalq hüququn bütün prinsiplərini pozaraq   Dağlıq Qarabağda qeyri-qanuni seçkilər keçirdi. İşğalçı dövlətin növbəti təxribatına ATƏT-in Minsk Qqupu, ATƏT PA, Aİ kimi beynəlxalq təşkilatlardan təpki bildirilsə də, çox təəssüf ki, fəaliyyəti ədalətsizlik və ikili standartlar üzərində qurulan AŞPA-dan bugünədək münasibət bildirilməyib. Əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın öz nizamnaməsinə, eləcə də, beynəlxalq hüquqa qarşı olan mövqesizlik kimi də qəbul etmək olar. AŞPA-nın mövqesizliyini bu təşkilatın təkcə öz nizamnaməsinə qarşı deyil, həm də beynəlxalq hüquqa qarşı mövqesizlik kimi də qiymətləndirmək olar.

 

Keçidlər