30 ilə yaxındır ki, Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb.
30 ilə yaxındır ki, Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə pandemiya dövründə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilmişdir.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib.
Zirvə görüşündə Prezident İlham Əliyev COVİD-19 pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını, ancaq özünə qapanma və yalnız birgə səylərlə bu virusa qalib gəlməyin mümkünlüyünü bir daha diqqətə çatdırmışdır.
Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri iştirk ediblər . Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi, uğurlu siyasətinin nəticəsidir. Bu bir daha ölkəmizə, Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır.
Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.
Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.
Bu onu göstərir ki, artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrdə də öz sözünü deyir və Azərbaycan Prezidenti dünya miqyasında baş verən təhlükələrdə də qətiyyətli mövqe nümayiş etdirir.
Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqeyinin yüksəlməsini təmin edib.
Ərazisinin kiçik, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin yüksələn nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.
Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı. AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan apardığı qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, tutduğu doğru yoldan döndərə bilməyəcəkdir.