“Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.
Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Beləliklə, COVİD-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onunla mübarizədə daha üç modul tipli xəstəxananın istifadəyə hazır olması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sistemin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır ki, bunun da əsas məqsədi koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.
Ümumilikdə pandemiyaya qarşı mübarizə məqsədilə 10 xəstəxana tikilməlidir ki, bunların 4-ü özəl sektorun vəsaiti hesabına inşa ediləcəkdir.
Ölkə Prezidenti açılışını həyata keçirdiyi modul tipli xəstəxananın həkim kollektivi ilə görüşündə deyir :- “ Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.”
Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərərək, ilk növbədə ölkə daxilində genişmiqyaslı qabaqlayıcı tədbirlər, xüsusilə sosial dəstək tədbirləri həyata keçirimişdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə yeni laboratoriyalar alınmış, koronavirus xəstələrinin müalicəsi üçün ən qabaqcıl 20-dən çox xəstəxana ayrılmış, ən müasir xəstəxana olan “Yeni klinika” xəstəxanası onların istifadəsinə təqdim olunmuşdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bu virusa yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır.
Ölkə Prezidentinin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Hal-hazırda sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötmüşdür. Bu, bir daha, xalqımızın çətin dövrdə Prezidentimizin ətrafında birləşməsinin, həmrəyliyinin və birliyinin təcəssümüdür.
Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar – tibbi maska, həkimlər üçün qoruyucu geyimlər, kombinezonlar və dezinfeksiyaedici məhlullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu məhsulları istehsal edən müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığının göstəricisidir.