Pandemiyaya qarşı mübarizədə məqsəd Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaqdır
COVİD-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaqda əsas məqsəd insanları qorumaq, Azərbaycan vətəndaşlarının sağlamlıqlarının qayğısına qalmaqdır.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə mühüm layihələr reallaşdırılır. İyun ayının 9-da açılışları həyata keçirilmiş Bilgəh və Saray qəsəbələrində, həmçinin Sumqayıt şəhərində COVİD-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm önəm daşıyacaq üç modul tipli xəstəxananın istifadəyə verilməsi koronovirus xəstələtinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etmək məqsədi daşıyır.
Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, qabaqlayıcı siyasətin məntiqi nəticəsi, dövlətimizin başçısının tapşırığı ilə hazırlanan dəstək paketlərinin yüksək səviyyədə icra olunmasının bariz ifadəsi, həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirdiyi kimi, koronavirusla ən uğurlu mübarizə aparan ölkələr arasında xüsusi yer almasının təsdiqidir.
Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışında çıxış edərkən pandemiya ilə mübarizədə ölkədə görülən tədbirlərlə bağlı ətraflı məlumat verib. Ölkə rəhbəri çıxışında – Azərbaycan cəmiyyətinin pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl etdiyini ,sağlamlıqlarını qoruduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti deyib: “ Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.”
Dövlətimizin başçısı çıxışında görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığının dayandığını və qabaqlayıcı tədbirlər sayəsində hazırda vəziyyətə tam nəzarət edildiyini vurğulayıb. Beləliklə, keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı və dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu bir daha təsdəqini tapır.
Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər sırasındadır. Effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan bu şətin şəraitdə təkcə öz problemlərini həll etmir, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə 29 ölkəyə humanitar yardım göstərib. Artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələrdə də öz sözünü deyir və Azərbaycan Prezidenti dünya miqyasında baş verən təhlükələrdə də qətiyyətli mövqe nümayiş etdirir.
Bütün bunların nəticəsidir ki,xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı dəstələyir, əldə olunan uğurlar yüksək qiymətləndirilir.