Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev taxılçılıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.
Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edən amillərdəndir. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq innovativ texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv metodların tətbiqi nəticəsində ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib.
Xaçmaz rayonunun malik olduğu aqrar potensial bölgədə qida emalı müəssisələrinin yaradılmasını, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına əsaslı dəlillər yaradır. Bu sahələrin kompleks şəkildə inkişafında iri taxılçılıq təsərrüfları mühüm rol oynayır. Məhz bu məqsədlə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 12.06.2020-ci il tarixində rayonda taxılçılıq təsərrüfatlarının fəaliyyəti ilə yaxından tanış olub.
İcra başçısı taxılçılıq təsərrüfatlarında torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsinə, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün su ehtiyatlarından səmərəli istifadənin təşkilinə diqqət yetirmişdir. Elnur Rzayev təsərrüfat subyektləri ilə görüşərkən, onların problemləri ilə maraqlanmış və taxılçılıq sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən dəstək proqramlarından bəhs etmişdir. Rayon rəhbəri hazırda həyata keçirilən taxıl biçini prosesində məhsulun itkisiz toplanması üçün kombaynların son vəziyyəti ilə tanış olub və biçinin vaxtında başa çatması məqsədilə taxıl sahələrinə əlavə kombaynların cəlb edilməsi ilə bağlı tapşırıqlar verib.