Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

16 iyun 2020 | 16:00

Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş ümummilli lider Heydər Əliyevin  1993-cü ilin  iyununda xalqın təkidi  ilə hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki ağır problemlər öz həllini tapmağa başladı.Ölkədə ictimai-siyasi  sabitliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi məsdədilə ayrı-ayrı qrupların nəzarətində  qanunsuz fəaliyyət göstərən, hökumətə, hakimiyyətə tabe olmayan qanunsuz hərbi birləşmələr və silahlı dəstələr  ləğv edildi. Ölkə daxilində xaos və özbaşnalığın, separatçılıq, meyllərinin qarşısı alındı. Ölkədə vahid komandanlığa  əsalanan ordu yaradıldı. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində  olan nizami Azərbaycan ordusunun  cəbhə boyu həyata keçirdiyi uğurli hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu güzəştsiz mövqeyini sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mayın 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu. Nəticədə, 1992-ci ilin mart ayında yaradılmış və missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏT-in Minsk qrupu  çərçivəsində sülh danışıqları intensiv xarakter aldı. Konkret qərarlar qəbul edildi.

 Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçılarından birinə çevrilməsidir. Ulu öndər əvəzsiz təbii sərvətimiz olan neftimizin imkanlarını hazırladığı xüsusi strategiya əsasında tam həcmdə dövlətimizin inkişafına yönəltdi. Onun qətiyyəti və siyasəti nəticəsində  bir sıra fövqəldövlətlərin Azərbaycan nefti ilə bağlı toqquşan maraqları neytrallaşdırıldı, eyni zamanda respublikamızın Avropanın  enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğu nümayiş etdirildi.

1994-cü il sentyabrın 20-də  dünyanın 8 ölkəsinin 12 şirkəti ilə  XX  əsrin ən böyük iqtisadi layihələrindən olan “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizinn yeni neft strategiyasının başlanğıcı oldu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. ”Əsrin müqaviləsi” xalqımızın rifahına, iqtisadi dirçəlişə xidmət etməyə başladı. Hazırda həmin müqavilə sayəsində  Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən ölkədə iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi. Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı.

Bu müqavilə ilə Azərbaycanın sonrakı illər üçün iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar.

“Əsrin müqaviləsi” çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Heydər Əliyevin həyata  keçirdiyi  nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi uğurla həll edildi. Heydər Əliyevin adını daşıyan bu kəmər hazırda həm Azərbaycan, həm də region üçün böyük rol oynayır.

Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni polad kəmərlərlə, yollarla bir-birinə bağlayır. Bu bağlılığı hansısa bədxah qüvvələr, çirkin niyyətli dairələr qıra bilməzlər. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.  

Heydər Əliyevin səyi, yorulmaz fəaliyyəti  və gərgin əməyi nəticəsində aparılan İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. 

Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etmişdir. Həmin irs üzərində bu gün  müstəqil Azərbaycan dövləti  sürətlə inkişaf etməkdədir.

Keçidlər