Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev İƏD nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son günlərdə taxıl zəmilərində biçinin aparıldığını, sahələrdə yanğın riskinin yüksək olduğunu, belə halların qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Regional Ekologiya İdarəsinin, hüquq mühafizə orqanlarının, İƏD üzrə nümayəndələrin və digər aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə xüsusi qərargah yaradıldığını qeyd edib.
Qərargaha biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılması, təhlükəsizlik tədbirlərini pozan şəxslər barədə qanunvericilikdə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi tapşırılıb.
Eyni zamanda Elnur Rzayev Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artıdığını qeyd edib.
Bununla əlaqədar İƏD nümayəndəliklərinə əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə insanlar arasında geniş təbliğat- izahat işlərinin aparılması tapşırılıb.