Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda ciddi siyasi və iqtisadi böhran

19 iyun 2020 | 16:00

Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir. Mövcud iqtidardan narazılıq getdikcə artaraq pik həddinə çatır. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən COVİD-19 pandemiyasına qarşı mübarizədə vətəndaşlarının səhiyyə və sosial problemlərini həll edə, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi, digər tərəfdən ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır, iqtidar   sosial dayaqlarını itirir.  Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. O, bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da, müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluga çatdıra, heç bir sahəni normal idarə edə  bilmir. Bu da onun bacarıqsızlığından və qeyri-peşəkarlığından xəbər verir.

Ölkə daxilində müxalifətin təzyiqləri və  tələbləri ilə üzləşən Paşinyan artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Analitiklərin rəyinə əsasən bu gün Ermənistanın bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir.

Erməni mətbuatına görə  N.Paşinyan hakimiyyətdə olduğu iki il ərzində cəmiyyətlə bütün körpüləri yandırıb və bütün sərhədləri aşıb, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.

N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının  14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın evində  axtarış aparması, ona və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açması siyasi mühiti daha da gərginləşdirib.

Q.Çarukyanın tərəfdarları iyunun 15-də  Milli Təhlükəsizlik Xidməti qarşısında mitinq  keçirərək,  Paşinyan hökuməti əleyhinə şüarlar səsləndiriblər. Mitinqdə  partiya sədrinin tərəfdarları və aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Saxlanılan şəxslər koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən fövqəladə vəziyyət rejimini pozmaqda günahlandırılır.

15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. İyunun əvvəlində hökuməti istefaya çağıran Q.Çarukyan deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”.

Ermənistanın  Baş Prokuroru  iyunun  15-də parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırılıb.

N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan parlamentində ikinci böyük fraksiyaya malikdir.

Keçidlər