Şriftin ölçüsü :

Saytın rəngi :

“44 günlük savaşın 444 cəngavəri” adlı kitabın təqdimatı keçirilib

09 oktyabr 2023 | 16:08
Xaçmaz rayon Heydər Əliyev mərkəzində əməkdar jurnalist, Əntiqə Qonağın müəllifi olduğu “44 günlük savaşın 444 cəngavəri” adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Ordusunun qəhrəmanlığından, düşmən üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından söz açıb.
Tədbirdə çıxış edən əməkdar jurnalist Azər Həsrət və digər natiqlər belə nəşrlərin gələcəyə parlaq bir töhfə olduğunu qeyd ediblər. Vurğulanıb ki, əməkdar jurnalist Əntiqə Qonaq Xaçmaz rayonunun Maqsudkənd kəndində doğulub. Elə müəllifi olduğu kitabda da Xaçmazlı qəhrəman oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib.
Kitabın müəllifi Əntiqə Qonaq təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarına “44 günlük savaşın 444 cəngavəri” kitabı hədiyyə edilib.
Keçidlər