Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il may ayının 4-də BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edilmişdir. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişdir. Fərəhləndirici haldır ki, daim bir-birilərinə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyi məhz Azərbaycan bacardı.
Qoşulmama Hərəkatının Sədri kimi virtual Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Təklif Nyu Yorkda – Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılmış, bunun ardınca Hərəkatın sədri – Azərbaycan Prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur qaydaları”nın müvafiq bəndinə uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində - yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi – bu isə 97 ölkə edir – təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırmışdır.
Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün 130-a qədər BMT üzv dövləti tərəfindən dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, Prezidentimizə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir.
Azərbaycanın təşəbbüsləri yalnız sözügedən iki beynəlxalq quruma sədrlikdən irəli gələn təşəbbüslər deyi, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və qlobal çağırışların ünvanına çevrilmişdir ki, bu da Ümumilli liderimizin əsasını qoyduğu uğurlu xarici siyasət, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsidir.