Prezident Cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistandır. Ona görə ki, Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi bir işğalçı ölkə kimi Ermənistanı narahat edir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay etdi.
Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə xüsusi sessiyanın keçirilməsi barədə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib.
Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər.
Əminik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.