Xaçmaz rayonunda koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizə məqsədilə preventiv tədbirlər həyata keçirilir.
Rayonda infeksiyaya yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun ticarət, xidmət, ictimai iaşə və s. sahələrində sanitar-epidemioloji işlər görülməkdədir. Aparılan dezinfeksiya tədbirləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Görülən qabaqlayıcı-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin ətrafı, yaşayış binalarının girişləri, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri və məişət tullantı konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası edilib.
Görülən işlərlə bərabər, Xaçmaz rayonunda mobil qruplar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada əhali arasında fərdi izahetmə-xəbərdarlıq işləri həyata keçirir. Yaradılmış mobil qruplar koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi, karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ictimaiyyət arasında maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə qrupları əhali ilə söhbət zamanı rayon sakinlərinin diqqətinə çatdırıb ki, Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri hər kəs tərəfindən məcburidir. Cəmiyyətin sağlamlığının qorunmasında hər bir vətəndaşın maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməsinin vacibliyi izah edilmişdir.
İcra edilmiş önləyici tədbirlərin keyfiyyəti Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır.