Xaçmaz rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl işlər aparılır.
Xaçmaz rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl işlər aparılır.
Belə ki, koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, vətəndaşların sağlamlığının qorunması, sosial izolyasiyanın tətbiqi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairə üzrə nümayəndəliklərin, bələdiyyə əməkdaşlarının, yerli könüllülərin və ictimaiyyət fəallarının iştirakından ibarət təşkil olunan mobil qrupların fəaliyyəti gücləndirilib. Mobil qruplar tərəfindən şəhər mərkəzində, rayonun qəsəbə və kəndlərində maarifləndirmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda evdən çıxmaları, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələri tövsiyə edilib. Mobil qruplar əhaliyə Operativ Qərargahın göstərişlərinə mütləq qaydada ciddi riayət etmələri olduğunu bildiriblər. Təbliğat qruplarının əhali ilə söhbəti zamanı bildirilib ki, virusun yaxın məsafədən yoluxma riskinin daha da yüksək olduğunu nəzarə alaraq, tibbi maska və əlcəkdən istifadə, sosial məsafənin qorunması məcburi hal daşıyır.Təbliğat işlərinin bütün rayon ərazisində effektiv şəkildə aparılmasına Rayon İcra Hakimiyyəti tərəfindən ciddi qaydada nəzarət həyata keçirilir.