COVİD-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 10 korpusdan ibarət 800 çarpayılıq mobil tipli hospitalın açılışında iştirak ediblər.
Azərbaycan dövlətinin koronovirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan artıq bir neçəsinin açılışı həyata keçirilmişdir.
Respublikamızda artıq modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə -1, Abşeron-1) fəaliyyət göstərir. 1-1,5 ay ərzində daha 1300 çarpayılıq beş modul tipli xəstəxana istifadəyə veriləcək. Ümumilikdə yaradılacaq mobil tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2 min çarpayılıq ehtiyat yaradır.
Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların da 36-sı Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.
Hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Ölkə rəhbəri deyib: “Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq.”
Pandemiyaya qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərdən danışan ölkə rəhbəri bununla bağlı vəziyyətə uyğun addımlar atıldığını, xəstəliyin yayılma sürəti ilə əlaqədar sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər görüldüyünü, karantin rejiminin qüvvədə qalmasını məqüsədəuyğun sayıldığını bildirib. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.
Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə bu dəhşətli virusun aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn zəruri təşəbbüslər irəli sürməyə və əməli addımlar atılmağa başlanıb. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilmiş və bu görüşlərdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları, ÜST direktoru, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı dünyada Azərbaycanın koronovirus pandemiyasına qarçı mübarizədə fəal rol oynaması bir daha təsdiqini tapdı.
Prezident İlham Əliyev müsahəbısində diqqətə çatdırıb ki, İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğrayıb. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb, ixtisar edilməyib. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.
Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək , 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırılıb. Yəni, 85 min ailə, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.
Prezident İlham Əliyev müsahibəsində diqqətə çatdırıb ki, bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik: “ Biz bu haqda heç bir məlumat vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik.”