Xaçmazda “Beynəlxalq Sülh günü” münasibətilə milli azlıqların və etnik qrupların mədəniyyət nümunələri nümayiş etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir sentyabrın 21-i Xaçmaz şəhərində təşkil olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilən “Beynəlxalq Sülh günü”nə həsr olunmuş konfransda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarını təmsil edən milli azlıqların, etnik qrupların üzvləri, eləcə də digər millətləri təmsil edən ailələr iştirak ediblər.
Tədbirə qatılan Ailə, Qadın və Uşaq Problemləri üzrə və Dini Qurumlarla iş üzrə Dövlət Komitələrinin rəhbər nümayəndələri, Ombudsman Aparatının, Xaçmaz rayon ictimaiyyətinin, dini icmaların üzvləri və ekspertlər konfransdan öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Daha sonra tədbir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında davam etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə sentyabrın 21-i dünyada “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu tarix xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgəyaşayışın təmin edilməsinə nail olmaq üçün bir çağırış günüdür. Bildirilib ki, ölkəmizdə əsrlərdir ki, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Respublikamızda bütün xalq, din və etnik qrupların üzvləri bərabər hüquq və azadlıqlara malikdirlər.
Azərbaycanın ailə dəyərləri haqqında geniş məlumat verən komitə sədri Hicran Hüseynova ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparıldığını və bu sosial qrupa aid olanların hərtərəfli dövlət qayğısı ilə əhatə edildiyini diqqətə çatdırıb. O, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və belə layihələrin sağlam ailə mühitinin formalaşmasında böyük əhəmiyyətə malikdir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təmin edilməsi, cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin, cəmiyyətdə və ailədə tolerantlıq mədəniyyətinin təbliği məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, 2015-ci ilin iyul ayından etibarən “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirdi. Dövlət Komitəsinin sədri bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışdı. Bildirildi ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.
Dünyada mövcud olan 80-ə yaxın münaqişə ocağının çox hissəsinin müsəlman ölkələrində cərəyan etdiyini diqqətə çatdıran DQİDK-nin sədri Mübariz Qurbanlı planetimizdə sülhün bərqərar olunması üçün insanların maariflənməsinə böyük ehtiyac olduğunu xüsusi vurğulayıb. Azərbaycanda isə istər dini, istərsə də milli müstəvidə həll edilə bilməyəcək heç bir problem yoxdur. Ölkəmizdə yaşayan bütün millətlərin mədəniyyətlərinin çiçəklənməsi, dini konfessiyaların hər bir nümayəndəsinin öz əqidəsinə uyğun yaşaması üçün bütün işlər görülür və bu işlər davam etdiriləcək.
Daha sonra BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycanda Dağ Yəhidiləri Dini İcmasının üzvü Boris Simanduyev, keşiş Konstantin Pominov, Xaçmaz “Təzə şəhər” məscidinin axundu Yaşar Rzayev və başqaları mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Konfransdan sonra tədbir Xaçmaz şəhərindəki şadlıq saraylarından birində davam etdirilib. Tədbirdə iştirakçı ailələr təmsil etdikləri xalqların mədəniyyət nümunələrini nümayiş etdiriblər.