Şriftin ölçüsü :

Saytın rəngi :

Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur.

13 iyul 2020 | 16:00

Dünyanı bürüyən koronavirus  (COVİD-19) infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Hər bir ölkənin virusla üzləşməsi, bu bəlaya qarşı mübarizədə böyük əmək və maliyyə vəsaitləri sərf etməsi günün mənzərəsini təşkil edir.

Bu gün dünyanın gündəmi hələ də   koronavirusa qarşı mübarizəyə kökləndiyi, bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir.

Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır? Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var.  Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat var? Bu mənada hazırda  BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının  Təmas Qrupunun Zirvə görüşündə panbdemiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə videokonfrans formatında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi barədə  təkliflə çıxış  etmiş və  bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləmişdir.

Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.

Keçidlər