Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdi
“ Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda ölkəmizin əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib.” Bu sözləri Prezident cənab İlham Əliyev iyulun 13-də keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Dünya birliyinin COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması, hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.
Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, erməni təxribatının anındaca qarşısını almağa, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.