Xaçmazda 6 ayın yekunları müzakirə olundu
Xaçmaz şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Hazırda rayonun Gülalan kəndindən şəhər istiqamətində boruların çəkilməsi prosesi həyata keçirilir. Yaxın günlərdə isə şəhər ərazisində də sistemli olaraq tikinti işlərinin görülməsi nəzərdə tutulur. Bu barədə rayon icra hakimiyyətində cari ilin altı ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında məlumat verilib.
Bildirilib ki, son altı ayda Xaçmazda 814 yeni iş yeri açılıb ki, bunun da 759-u daimidir.
Hesabat dövründə rayonun Qaraçaycek, Gödəkli və Aşağı Zeyid kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. İyulun 23-də isə rayonun Manafoba kəndinə təbii qaz veriləcək. Hazırda Çılğır, Qədimalıqışlaq, Qalağan və Hacıqurbanoba kəndlərinin “mavi yanacaq”la təminatı üçün işlər aparılır.
Ötən dövrdə 7 min 600 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsini birləşdirən 10 kilometr uzunluğundakı Qusarçay-Pirquluoba–Yeni Həyat avtomobil yolu istifadəyə verilib. Hazırda rayonun Bostançı, Mürşüdoba, Yergüc, Şimali, Alıc və Qusarçay kəndlərində Qarabağ əlilləri üçün 6 fərdi evin tikintisi davam etdirilir.
Həmçinin Xaçmaz şəhərində 1100 kvadratmetr tikinti sahəsi olan, ikimərtəbəli Heydər Əliyev Mərkəzi inşa olunur. Tikintisinə fevral ayından başlanılan mərkəzdə son tamamlama işləri aparılır.
Diqqətə çatdırılıb ki, bu il Xaçmazın rayon kimi təşkil olunmasının 85 illik yubileyidir. Bununla əlaqədar rayonda quruculuq abadlıq işləri geniş vüsət alıb və yubiley təntənəli şəkildə qeyd olunacaq.
Bu il hava şəraitinin taxılçılıq üçün əlverişli olması, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, yüksək reproduksiyalı toxumlardan və üzvi gübrələrdən istifadə edilməsi rayonda taxıl istehsalının əhəmiyyətli dərəcədə artımına səbəb olub. 2015-ci ilin məhsulu üçün rayonda bütün təsərrüfat qurumları daxil olmaqla, 31 min 465 hektar sahədə taxıl, o cümlədən 22 min 422 hektar buğda, 9 min 45 hektar arpa əkilib. Taxıl biçininin optimal müddətdə və itkisiz həyata keçirilməsi məhsuldarlığa müsbət təsir göstərib. Rayon tarixində ilk dəfə olaraq 103 min 827 ton taxıl biçilib ki, bunun 74 min 889 tonu buğda, 28 min 938 tonu arpadır.
Yığıncaqda cari ilin ikinci yarısında qarşıda duran vəzifələrlə bağlı müzakirələr də aparılıb.