Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür
Azərbaycan-Ermənistan dövlət sərhəddində Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra havadarlarına bir çox vədlər vermişdi. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. Azərbaycan vətəndaşı isə öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, hər vəchlə vəziyyəti gərginləşdirərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə cəlb etmək istəyir. Düşmənin planı məhz bundan ibarətdir. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
Bu gərgin günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan hökuməti birmənalı Azərbaycanın haqq işinə öz dəstəklərini veriblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər.
Dövlətimizin başçısı İlham Əliyev bütün vacib məsələləri xalq ilə bölüşür, xalq ilə məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
Ordumuzun apardığı uğurlu əməliyyatlar və əldə edilmiş nəticələr, hərbi qələbə Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.