Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə səyahətini davam etdirir.
Xızı, Qusar və Quba rayonlarından sonra məşəlin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz şəhərində keçirildi.
Xaçmaza gətirilən məşəl şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. Məşəl xaçmazlı fəal gənc Mübariz Həsənov tərəfindən qəbul olundu. Sonra 12 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı prospekti boyunca 4 min 100 metr məsafəni qət edərək Bayraq Meydanına gəldilər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən xaçmazlılar bu tarixi hadisəni alqışlarla qeyd etdilər.
Sonra isə İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı məktəbin IX sinif şagirdi Arzu Əskərova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verdi.
Mərasim iştirakçıları birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.