Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

23 iyul 2020 | 16:00

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə  təxribata əl ataraq  dövlət sərhəddinin Tovuz rayonu istiqamətindəki ərazilərimizə  xaincəsinə basqını nəticəsində 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü  kəndlərinə ziyan dəymişdir.

İntensiv atəş nəticəsində dövlət əmlakına və dinc əhaliyə zərər dəymişdir. Bu kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, rabitə, sosial infrastruktur və  dinc əhaliyə məxsus 35 ev müxtəlif dərəcədə ziyan çəkmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamna əsasən   mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın tezliklə aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaqdır. Bərpa işlərinin gedişi birbaşa dövlət başçısının nəzarətindədir.

Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  Tovuz istiqamətində şəhid olan 12 hərbçinin  ailə üzvlərinin bütün qayğılarının  daim Fondun nəzarətində olacaqları ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq  verib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.      

Azərbaycan dövləti hər zaman  vətəndaşının yanındadır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Çünki, vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

Keçidlər