Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir

24 iyul 2020 | 16:00

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə   iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Mərasimdən sonra  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüblər. Görüşdə çıxış edən dövlətimizin başçısı deyib: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.”

Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətləridir və  bunun üçün çox böyük proqramlar icra olunur.

Bu il  daha 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək və  bu işdə  özəl sektor da artıq fəallıq nümayiş etdirir.  Bu il məcburi köçkünlər üçün “Kapital Bank” 68 mənzil, “Paşa Holdinq” tərəfindən isə Qobu qəsəbəsində öz vəsaitləri  hesabına 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, həm də  dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.

Azərbaycan dövləti tərəfindən sosial sahədə də cox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq  250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz, bəzi müavinətlər  isə 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Keçidlər