Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı 3 saylı körpələr evi - uşaq bağçasında aparılan təmir işləri ilə tanış olub.
06.08.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əsaslı təmir işləri aparılan Xaçmaz şəhər 3 saylı körpələr evi - uşaq bağçasında olub və görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Onların böyük əksəriyyəti bu gün uşaqların sərəncamındadır. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəsilə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Xaçmaz rayonunda da hiss olunur. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün rayonda əsaslı işlər görülür.
Elnur Rzayev görülən işlərin keyfiyyətlə aparılmasını bildirib və bununla bağlı müvafiq tapşırıqlarını verib. İcra başçısı bildirib ki, uşaq bağçasında aparılan təmir işləri müasir tələblərə cavab verməli və qısa zaman ərzində uşaqların ixtiyarına verilərək, sağlam, düzgün gənc nəsilin yetişdirilməsində tələb olunan meyarlarla təmin edilməlidir. Əsaslı təmir işləri aparılan bağçada müasir standartlara uyğun yeni dərs otaqlarının tikintisi aparılır. Bağçanın ümumi layihəsi dəyişdirilərək simvolik şəkildə göyərçin formasının alınması təmin edilmişdir.
Qeyd edək ki, Xaçmaz rayonu üzrə hal hazırda Xaçmaz şəhər 3 saylı, Qusarçay və Həsənqala uşaq bağçalarında əsaslı təmir işləri aparılır.