Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun təşkil edilməsinin 90 ili tamam olur

08 avqust 2020 | 16:00

Əzəli və əbədi Vətənimiz Azərbaycanın ən qədim insan məskənlərindən olan, nadir iqlimli, təkrarsız təbii gözəllikləri, bir yanı mavi Xəzər, bir yanı dağlar diyarı olan Quba, Qusar və Şabran rayonunun torpaqları ilə qovuşan, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə həmsərhəd olan Xaçmaz rayonu müstəqil Respublikamızın şimalında bu gün yüksək inkişaf etmiş iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi və sosial mədəni dirçəlişi, abad şəhər, qəsəbə və kəndləri ilə səciyyələnən barlı-bərəkətli bir diyardır. Xaçmaz rayonu ərazisi 1,06 mln kv. km olmaqla 2 şəhər, 12 qəsəbə və 137 kəndlə birlikdə 151 yaşayış məntəqəsindən ibarətdir, əhalisi 179792 nəfərdir.
Təbiətin flora və faunasını özündə əks etdirən gözəllikləri, Böyük Qafqaz silsiləsindən baş alıb ərazisindən keçən çayları, təbii gölləri, buz bulaqları, mirvari meşələri, səfalı Nabranı ilə həyat-şəfa mənbəyidir Xaçmaz.

Rayonun dəniz sərhəddi 70 km, Rusiya ilə sərhəddi 14 km təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir.

Bu il Xaçmaz rayonunun təşkil edilməsinin 90 ili tamam olur.1930-cu il iyulun 23-də SSRİ MİK və XKS-nin “Okruqların ləğv edilməsi haqqında” qərarı ilə Azərbaycanda mahallar ləğv edilmiş, onların əvəzinə 63 inzibati rayon, o cümlədən Xaçmaz rayonu təşkil edilmişdir. Azərbaycan Kommunist (bolşevik) Partiyası və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə Xaçmaz rayonu təşkil edilmiş və 1938-ci ildə rayon mərkəzi olan Xaçmaza şəhər statusu verilmişdir.

Xaçmaz rayonunun iqtisadiyyatı əsasən 3 istiqamətdə - konserv sənayesi, balıqçılıq təsərrüfatı və meyvə-tərəvəzçilik istiqamətində inkişaf edirdi.

1930-cu illərdə (1932-1937-ci illər) Xaçmaz konserv zavodu istifadəyə verilmiş, 1939-cu ildə Xaçmaz əhalisinin fiziki qüvvəsi ilə heç bir texnika olmadan bel və külünglə Samur-Abşeron kanalı çəkilməyə başlamışdır.

Mütərəqqi fikirli milyonçu- xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakı şəhərinə Xaçmazın Şollar bulağından çəkilmiş və 1916-cı ildə istifadəyə verilmiş su kəməri bir əsrdən çoxdur ki, şəhər əhalisini içməli su ilə təmin edir.

Xaçmaz rayonu tarixi-memarlıq abidələri ilə də zəngindir. Ümumilikdə, rayon ərazisində 72 tarixi-memarlıq abidəsi qeydə alınmışdır ki, onlardan 2-si dünya əhəmiyyətli (Sərkərtəpə yaşayış yeri və Canaxır təpələri), 24-ü ölkə əhəmiyyətli, 46-sı isə yerli əhəmiyyətli abidələrdir.

Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda sənayenin müxtəlif sahələri də inkişaf etməkdədir. Hal-hazırda rayonumuzda "Qafqaz" konserv zavodu, "Aysberq" pivə zavodu, 12 fındıq emalı müəssisəsi, 11 soyuducu anbar, ”Azərxalça” MMC-nin Xaçmaz filialı fəaliyyət göstərir.

Xaçmazda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Xaçmaz rayonunda mədəniyyət obyektlərinin geniş şəbəkəsi fəaliyyət göstərir. Onlardan 9 muzey, 49 klub, 66 kitabxana, 1 rəsm qalereyası, 3 təhsil müəssisəsi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Bundan başqa, rayonda 1 Rayon Mərkəzi Xəstəxanası, 3 Ailə Sağlamlıq Mərkəzi, 24 kənd həkim məntəqəsi, 38 tibb mərkəzi və 3 özəl tibb klinikası rayon əhalisinin sağlamlığının keşiyində durur.

Xaçmaz rayonunda 28 İnzibati Ərazi Dairəsi və 38 bələdiyyə fəaliyyət göstərir. Rayonda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır.

1988-ci ildə başlanan Qarabağ müharibəsi Vətənimizin hər yerində olduğu kimi Xaçmaz rayonuna da öz təsirini göstərmişdir. Müharibənin ilk günlərindən yüzlərlə xaçmazlı gənc vətənpərvər oğullarla birlikdə Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhədə mənfur düşmənimiz olan ermənilərə qarşı mərdliklə vuruşmuşdur. Bu müharibədə 225 nəfər xaçmazlı şəhid olmuşdur. Torpaq uğrunda, Vətən uğrunda şəhid olanları isə xalq heç vaxt unutmur. Bu gün xaçmazlı şəhidlərimizin xatirəsinin əbədiləşdiyi , hal-hazırda yenidənqurma və abadlıq işləri aparılan “Şəhidlər xiyabanı” hər bir xaçmazlının, hər bir vətənpərvər gəncin and yeridir.

1995-ci ilin martın 16-dan 17-nə keçən gecə dövlət çevrilişinin qarşısını alarkən şəhid olmuş xaçmazlı Yavər Əlibala oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Xaçmaz rayonu daim ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu Öndərimiz 3 dəfə ( 27 sentyabr 1981-ci ildə Azərbaycan KP MK-nın I katibi, 21 sentyabr 1983-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini və 3 oktyabr 1998-ci il Azərbatcan Respublikasının Prezidenti) Xaçmaz rayonunda olmuşdur. Ümummilli liderimiz ilk dəfə Xaçmazlılar qarşısında çıxış edərkən demişdir : “Xaçmaz rayonu Azərbaycanin ən gözəl guşələrindən biridir. Burada təbiət də gözəldir,torpaq da münbitdir, bunların hamısından əhəmiyyətli odur ki, buranın adamları da qəhrəmandır, fədakardırlar”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 16 ildə Xaçmaz rayonu böyük inkişaf yolu keçmişdir. Ölkə Prezidenti regionlara səfərləri çərçivəsində 8 dəfə Azərbaycan Respublikasının Prezidenti kimi (21.07.2004, 26.07. 2005, 07.12.2006, 27.09.2008, 23.09.2011, 19.07.2013, 08.09.2016 və 04.05.2018-ci illər) Xaçmaz rayonuna səfər etmiş, bu səfərləri zamanı müxtəlif sənaye və sosial obyektlərin açılışlarını həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti səfərləri zamanı Xaçmazda görülən işlərə, xaçmazlıların əməyinə yüksək qiymət vermiş və demişdir: “Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük.”
 

Keçidlər