Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyaya qarşı mübarizənin müsbət nəticələri

09 avqust 2020 | 16:00

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Müşavirəni giriş nitqi ilə açan dövlətimizin başçısı koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunduğunu, görülmüş bütün tədbirlərin  müsbət nəticə verdiyini, vəziyyətin nəzarət altında olduğunu və  bu tədbirlər nəticəsində iyulun 16-dan bu günə qədər yoluxanların sayının  sağalanların sayından xeyli aşağı olduğunu vurğulamışdır.

Azərbaycan dövlətinin koronovirus xəstəliyi meydana çıxan ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində xalqımız  bu vəziyyətdən az itkilərlə çıxdı. Bu xəstəliklə mübarızədə həkimlərimizin əməyi danılmazdır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.     

Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir ki, həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilərək  müasir avadanlıqlarla təchiz olunub.

Koronovirus  xəstələrinin  sayının artmasını nəzərə alan ölkəmizin başçısı,  bu məqsədlə modul tipli xəstəxanaların tikintisinin  təşkili barədə göstəriş vermiş, bu günə qədər 9  modul tipli və  Fövqəladə Hallar Nazirliyinin xətti ilə isə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilmiş, daha 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcəkdir ki, bu da əlavə 2100 çarpayı deməkdir. Bundan əlavə iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edilərək, qısa müddət ərzində hazır vəziyyətə gətirilmişdir.

Pandemiya dövrü olmasına baxmayaraq, iqtisadi və sosial məsələlər öz həllini tapır, böyük sosial   layihələr həyata  keçirilir. Bunun üçün son aylar  ərzində respublikamızda görülmüş işlərə baxmaq kifayətdir.

Ölkəmizdə 2020-ci ildə həyata keçirilən layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq və  bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.

2020-ci il iyulun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət alır.      

Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.

Keçidlər