Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 6-da Xaçmazın inzibati rayon kimi yaradılmasının 85 illik yubileyi münasibətilə bayram mərasimi təşkil edilib.

06 oktyabr 2015 | 15:00

Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları Fəvvarələr bağında təşkil edilən sərgi ilə tanış olublar. Sərgidə rayonda fəaliyyət göstərən istehsal və emal müəssisələrinin, eləcə də yerli fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsulları, yaşayış məntəqəsinin tarixini və mədəniyyətini əks etdirən maddi-mədəniyyət nümunələrindən ibarət stendlər nümayiş etdirilib.
Rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində bildirilib ki, Vətənimiz Azərbaycan sürətli inkişafı, dünya birliyində tutduğu mövqeyi və mövcud ictimai-siyasi sabitliyi ilə regionun lider dövlətinə çevrilib. Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Məhz bu uğurlu fəaliyyətin nəticəsində 10 il öncə sadə bir əyaləti xatırladan Xaçmaz bu gün əfsanələr şəhərinə, parklar, muzeylər, fəvvarələr meydanına çevrilib.
Son illər ərzində Xaçmazda Bayraq muzeyi və Bayraq meydanı, Əziz Əliyev Muzeyi, Rəsm qalereyası, Tarix Diyarşünaslıq Muzeyi, Mədəniyyət və Turizm Şöbəsinin inzibati binası, Xalça Muzeyi, Uşaq və Gənclər kitabxanaları, Xalqlar Dostluğu Muzeyi tikilib istifadəyə verilib, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi əsaslı təmir olunub. Eyni zamanda rayonda tamamilə yeni görünüşlü mədəniyyət və istirahət parkı, Çənlibel parkı, Heydər Əliyev Seyrangahı yaradılıb, Şəxsiyyətlər Muzeyi daha da genişləndirilərək abidə və büstlərin sayı 53-ə çatdırılıb. Ümumilikdə rayon üzrə 13 muzey, 8 park, 11 şəlalə, 100–dən çox fəvvarə, 81 abidə yaradılıb. Rayonda gedən yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılaraq, parklar və xiyabanlar yeni formalarla zənginləşdirilib.
Mərasimdə qeyd olunub ki, 85 illik yubiley ərəfəsində Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan 17 nəfərin təltif edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Bu Sərəncam xaçmazlılara göstərilən yüksək diqqət və hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.
Çıxışlardan sonra respublikanın tanınmış musiqiçilərinin və yerli mədəniyyət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. 

Keçidlər