Rusiyanın Ermənistanı silahlandırması həmsədr ölkə kimi onun vasitəçilik missiyasını sual altında qoyur
1991-ci ildə müstəqilliyini elan edən Ermənistan təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 15 may 1992-ci ildə üzv olan Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır.
Hazırda Ermənistanın ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etdirən Ermənistanın KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
İyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olmuş, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evləri dağılmasına və yararsız hala düşməsinə baxmayaraq Rusiya 3-cü ölkə ərazisindən istifadə etməklə Ermənistanı silahandırmağa davam edir. Belə ki, iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb ki, bu hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıqdır.
Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri 3 xarici ölkə- Qazaxıstan, Türkmənistan və İran İslam Respublikası üzərindən daşınıb.
Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq təəssüf ki, Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
Rusiyanın Ermənistana verdiyi bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir ki, bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Qeyd edək ki, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Maraqlıdır ki, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Təbii ki, Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. Bundan başqa ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü missiyaya uyğun deyil və onun vasitəçilik missiyasını sual altında qoyur.