Xaçmazda 2015-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib
Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Hesabat yığıncağında respublikamızda, eləcə də rayonda görülən işlər barədə ətraflı məlumat verilib.
Yığıncaqda bildirilib ki,hesabat dövründə rayonda 1019-u daimi olmaqla 1134 yeni iş yeri açılıb. Bu müddətdə rayon üzrə ümumi məhsul buraxılışı 302,5 milyon manat, sənaye məhsulunun həcmi 22,8 milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 178,7 milyon manat təşkil edib. Əhalinin təbii qazla təchizatı sahəsində işlər görülüb. Daha 2 kənddə qazlaşdırılma yekunlaşmaq üzrədir.
Bu il hava şəraitinin taxılçılıq üçün əlverişli olması, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, keyfiyyətli toxum və üzvü gübrələrdən istifadə edilməsi taxıl istehsalının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Bunun nəticəsində rayonun tarixində ilk dəfə olaraq 104 min 157 ton taxıl biçilib.
Tədbirdə bildirilib ki, Xaçmaz şəhərinin su və kanalizasiya sisteminin tikintisi işlərinə artıq başlanılıb. Hazırda, şəhərə Gülalan kəndi istiqamətindən magistral boruların, eləcə də sistemli olaraq kanalizasiya xətlərinin çəkilməsi həyata keçirilir. Bununla yanaşı rayonun Niyazoba, Üçgün, Sayad kəndlərində və Xaçmaz şəhərinin yeni yaşayış massivində subartezian su quyuları vurulub. Sərkərli, Qımılqışlaq və Alekseyevka kəndlərində quyuların vurulması nəzərdə tutulub.
Yığıncağın sonunda qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.