Gənclərin iştirak etdiyi yürüş Xaçmaz Dövlət Bayrağı Meydanında baş tutub
Noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günlə əlaqədar rayonlarda silsilə tədbirlər həyata keçirilir. Xaçmaz rayonunda da bu mühüm bayramla əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yürüş keçirilib. Gənclərin iştirak etdiyi yürüş ötən il istifadəyə verilmiş Dövlət Bayrağı Meydanında keçirilib. Yürüşdən əvvəl baş tutmuş tədbirdə çıxış edənlər bayrağımızın yaranma tarixinə nəzər salıb. Yürüşün keçirilməsinin əsas məqsədi gənclər arasında dövlətçilik hissini yüksəltmək, millətimizə, bayrağımıza sevgi aşılamaqdır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Ölkəmizdə Dövlət Bayrağı Günü Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis olunub.