Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük.
Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olarkən qeyd edib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
Dövlətimizin başçısı çıxışında daha sonra əvvəllər xaricdə yaşayan azərbaycanlı iş adamlarına da Azərbaycana gəlib iqtisadi sahələrə vəsait qoymaları ilə bağlı müraciət etdiyini, bununla onların da vətəni olan Azərbaycanın daha da inkişaf edəcəyini, güclənəcəyini vurğulayıb: “Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.