Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət edir?

19 sentyabr 2020 | 16:00

Günü-gündən genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş  ATƏT-in  Minsk qrupu  həmsədrlərinin 30 ilə yaxın fəaliyyətsizliyi və susqunluğu münaqişəni bu günə kimi uzatdı. Çünki ATƏT-in Minsk Qrupu fəaliyyət müddətində problemin həlli istiqamətində heç bir ciddi irəliləyişə nail olunacaq addım atmayıb. Belə olan halda bu təşkilatın faəliyyətinə inamsızlıq daha da güclənir.

Sentyabrın 14-də Parisdə ATƏT Minsk Qrupu həmsədrləri uzun müddətdən sonra  Ermənistan-Azərbaycan sərhəddində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər. İyulda Tovuz istiqamətində baş vermiş döyüşlərdən 3 aydan çox vaxt keçdikdən sonra Minsk qrupu yalnız indi “ayılaraq” sərhəddəki gərginliyə diqqət ayırır və bunu “intensiv məsləhətləşmə” adlandırır.

Həmsədrlər bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Həmsədrlər iyul döyüşlərinə “xüsusi diqqət" yetirsələr də, bu döyüşlərin motivi, səbəbi, günahkarı və nəticələri haqda heç nə demirlər. Prosesə nəzarət etmək üçün yaradılan qurumun 3 ay sonra bəyanatla çıxış etməsi nə dərəcədə düzgündür? Artıq bu qurum niyə yaradıldığını, missiyasını unudub.

Minsk Qrupu Azərbaycanın Ermənistanla həmsərhəd bölgəsinin, kəndlərinin hücuma məruz qalmasına, dinc sakinlər arasında ölən və yaralananların olmasına susur. Eyni zamanda həmsədrlər nədənsə, Ermənistanın artıq sübuta yetirilmiş diversiya cəhdini pisləmir. Bir erməni zabitinin Azərbaycana əsir düşdüyünü bütün dünya bilir. ATƏT Ermənistana belə bir sual ünvanlayıbmı ki, həmin zabit niyə sərhədi pozub, niyə Azərbaycan torpaqlarına keçib?

Ermənistan rəhbərliyi Dağlıq Qarabağa Azərbaycan cəmiyyətini hiddətləndirən səfərlər edir. İrəvandan, Xankəndindən aqressiv bəyanatlar səsləndirilir, lakin ATƏT-in Minsk Qrupu bunları da görməzlikdən gəlir.

ATƏT-in Minsk Qrupu faktiki olaraq sülh danışıqlarından çıxdıqlarını bəyan edən Ermənistana təzyiq etməyə cəsarət tapmır. Belə olan bir şəraitdə ATƏT-in Minsk Qrupu bir institut kimi kimə və nəyə xidmət edir və onun fəaliyyətinin əhəmiyyəti nədən ibarətdir?

Keçidlər