57 saylı Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırılıb
29 iyun 2026 | 12:14
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsinin əhatə etdiyi məktəblərin qabaqcıl müəllimləri, 2025–2026-cı tədris ilində yüksək nailiyyətlər əldə etmiş əlaçı şagirdlər, eləcə də şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi misilsiz diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Elnur Rzayev Xaçmaz rayonunda təhsilin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən, yenilənmiş tədris ocaqlarından və yaradılan müasir şəraitdən bəhs edib. Təhsil müəssisələrində yaradılan şəraitin şagirdlərin bilik səviyyəsinin daha da yüksəlməsinə güclü təkan verdiyini qeyd edib.
Milli Məclisin deputatı Ağalar Vəliyev təhsil sahəsində əldə olunan nailiyyətlərin ölkəmizin gələcək inkişafının təminatı olduğunu bildirib. Belə tədbirlərin gənclərin elmə olan marağını daha da artırdığını və müəllimlərin əməyinə verilən yüksək qiymətin təzahürü olduğunu vurğulayıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev 2025–2026-cı tədris ilində qazanılan uğurlar və əldə edilən yüksək nəticələr barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər də təhsilin inkişafına, müasir tədris ocaqlarının tikilib istifadəyə verilməsinə və gənc nəslin bilik səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda 2025–2026-cı tədris ilinin yekunlarına əsasən 57 saylı Xaçmaz şəhər Seçki Dairəsinin əhatə etdiyi məktəblərin 99 qabaqcıl müəllimi, 276 əlaçı şagirdi və 37 şəhid və qazi övladı mükafatlandırılıb.






