Şriftin ölçüsü :

Saytın rəngi :

Hümanistlik nümunəsi

21 sentyabr 2020 | 16:00

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi barədə Nizami rayon məhkəməsi hökm çıxarmışdı.

İttihama görə, T.Yaqublu avtomobil qəzası zamanı digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.  İttihamları qəbul etməyən  T.Yaqublu 17 gün aclıq aksiyası  keçirmiş, səhhətində problemlər yarandığına görə  sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülmüşdü.  Burada o, daim həkim nəzarətində olmuş, səhhətində problemlər yaşanmaması üçün dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirir.

T.Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunmuşdu, onun hüquqları məhdudlaşdırılmamış, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın tapşırığı əsasında  Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri “Siti Hospital”da Tofiq Yaqubluya baş çəkib, onun səhhəti ilə maraqlanıblar. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb .

Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi halda, ölkədə və xaricdəki bəzi qüvvələr T.Yaqublunun səhhətindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Xaricdə oturub Azərbaycanda iğtişaş və qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr üçün vacib olan  Tofiq Yaqublunun sağlamlığı yox, qazanmaq istədikləri siyasi dividentdir.

T.Yaqublunun həkimi Adil Qeybulla bu qərarı humanist addım kimi qiymətləndirib və yaranmış vəziyyəti kampaniyaya çevirərək onun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınayaraq demişdir ki, “bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdırlar ki, bu proses uzansın, Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq aydın hiss olunur”.

Bu günlərdə Tofiq Yaqublunun ətrafında baş verənlərlə bağlı ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri onun vəziyyətinin ağırlaşmasından və hətta ölüm ayağında olmasından yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi qınadılar. Bir sözlə, Tofiq Yaqublunun problemindən siyasi xal qazanmaq niyyəti alınmadı.

Hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir. Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib. Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

T. Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar başqa bir reallığı da növbəti dəfə sübut etdi: Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməsinə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi  iflasa  məhkumdur.

Keçidlər