Dövlət öz əsgərinin yanındadır
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
Müalicə olunan hərbşilərlə görüşdə çıxış edən dövlətimizin başçısı onlara Allahdan şəfa diləyərək deyib ki, Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq.
Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır.
Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.