Şriftin ölçüsü :

Saytın rəngi :

Vasitəçi tərəfsiz və ədalətli olmalıdır

03 oktyabr 2020 | 16:00

Sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə  dair bəyanat vermişdir. Bu bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk qrupu həmsədri kimi  Fransanın vasitəçilik missiyasına uyğun deyil, birtərəfli və qərəzlidir. Bu bəyanatla Fransa bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir, açıq-aşkar işğalçı Ermənistanı dəstəkləyir.

Beynəlxalq hüquq norma və prinsiplərinə görə həmsədr ölkə İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana fərqli münasibət göstərməməli, Ermənistana beynəlxalq təzyiq edilməlidir.

Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir, vasitəçilik missiyasını yerinə yetirmir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Makronun bu bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Bu işğalçı Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.

Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.

Keçidlər