Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi
Emmanuel Makron Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatıyla Fransanın obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. O, Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu.
Makronun Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı yenidən fəth etməyə imkan verir” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.
Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığını və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var.
Fransa soyqırımı törətmiş bir ölkədir. Onun yaxın tarixinə diqqət yetirdikdə soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Fransızlar tərəfindən Əlcəzairdə, Vyetnamda, Cibutidə, Çadda, Qabonda, Tunusdə yerli əhaliyə qarşı soyqırımı və amansız terror həyata keşirilmiş, əhali ölkəni tərk etməyə məcbur edilmiş, dinləri dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir.
Beynəlxalq dəyərlərə fərqli münasibət göstərən Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.