Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. Daha sonra dövlətimizin başçısı qeyd etmişdir ki, əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin.
Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb. Bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.
Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu azərbaycanlıların hisslərini təhqir etmək üçün edib. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar.
Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Bu ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb.
Bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir.
Diplomatiya bir şərtlə işləyə bilər. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.