Azərbaycan xalqının qələbə salnaməsi
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Dövlətimizin başçısı tarixi hadisə - Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndinin işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını, ordumuzu ürəkdən təbrik edib. Prezident Ilham Əliyev müraciətində deyib: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir. Biz bu gün xalqımızın yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır.Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıblar.
Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarıımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.
Ölkəmizin başçısı daha sonra qeyd edib: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq.Bizim əsgərlərimiz xilaskar əsgərdir. Çünki öz dədə-baba torpağını işğalçılardan azad edir. Bu gün Azərbaycan xalqı sevinc içindədir.”
Prezident İlham Əliyev müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalayaraq -sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köşkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! – deyə əlavə etmişdir.