Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi.
Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Şanlı Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edir, bir sözlə, zəfər salnaməsinin tarixini yazır Bu gün ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
Bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.
Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.