Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi.
Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!
Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!