Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.
Dövlətimizin başçısı müsahibəsində deyib: “Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir.”
Dövlətimizin başçısı daha sonra 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş zamanı baş vermiş son danışıqların nəticələrinin Azərbaycanın xeyrinə olduğunu, danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevanın öz məqsədinə nail ola bilmədiyini, Moskva danışıqlarının Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır,- deyə vurğulamışdır. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.
Münaqişənin siyasi yolla həll olunmasında qardaş Türkiyənin rolu əvəzolunmazdır və Türkiyə bu problemin həllində fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Qardaş Türkiyə problemin həllində iştirak etməlidir.
Prezident İlham Əliyev müsahibəsində ordumuzun doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirdiyini, Azərbaycan xalqının haqq müharibəsi apardığını vurğulamışdır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar – deyə əlavə etmişdir.