Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir
Oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva şəhərində keçirilən danışıqlar nəticəsində qəbul edilmiş və qüvvəyə minməli olan "Humanitar atəşkəs"in Ermənistan tərəfindən pozulduğunu, gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədildiyini, Gəncə şəhərinin “Toçka-U” raketi ilə atəşə tutululduğunu diqqətə çatdırmışdır.
Dövlətimizin başçısı müsahibəsində demişdir ki, Gəncəni bombalamaq əmrinin səbəbkarı Ermənistan siyasi rəhbərliyidir, şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Bütün cəbhə boyu məğlubiyyətə uğrayan ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Bu, onların taktikasıdır. Onlar öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.