Xaçmaz rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, əhalinin yüksək həyat səviyyəsini təmin edən dövlət siyasəti Xaçmazda da uğurla reallaşdırılır. Dünya ölkələrində dərinləşən iqtisadi və maliyyə böhranı şəraitində dövlətimizin başçısının tapşırığına əsasən əhalinin maddi rifahının təmin olunması, əlavə iş yerlərinin açılması istiqamətində rayonda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, qısa müddətdə rayon icra hakimiyyətinin tabeliyində olan kommunal təsərrüfat müəssisələrində 110, Xaçmaz Regional Qaz İstismarı İdarəsində 201, “Azərbaycan Dəmir Yolları” QSC üzrə 60, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 18, “Azərişıq” ASC üzrə 18 və digər təşkilatlar üzrə cəmi 465 yeni iş yeri açılıb və bu proses davam etməkdədir.
Bu barədə Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Xaçmaz şəhərində Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisinə başlanılıb. İki mərtəbədən ibarət Mərkəzdə 3 ekspozisiya zalı, iş otaqları, kompyuter zalı, dərnək və məşğələ otaqları, 300 nəfərlik kino-konsert-iclas zalı, kiçik konfrans otağı, kafe və digər yardımçı otaqlar fəaliyyət göstərəcək. Mərkəzin binasında tikinti-quraşdırma işləri tam başa çatdırılıb, hazırda daxili tərtibat işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, 30 ilə yaxın fəaliyyət göstərməyən və tam yararsız olan keçmiş “Xəzər” kinoteatrının binası da yenidən qurularaq, əsaslı təmir edilib.
Hesabat ilində Xaçmaz şəhərinin Bakı prospektində və Seyidlikəndyeri kəndində 35/10 KV-luq elektrik yarımstansiyaları tikilib istifadəyə verilib. Bu da Xaçmaz şəhəri və ətraf kənd ərazilərinin, Nabran istirahət zonasında abonentlərin və çoxsaylı turizm obyektlərinin elektrik təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradıb.
Rayon əhalisinin təbii qazla təchizatı, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. İl ərzində 23 kəndə “mavi yanacaq” verilib. Hazırda 2 yaşayış məntəqəsində qaz çəkilişi davam edir.
2015-ci ildə 7 min 500 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 10 kilometr uzunluğunda Qusarçay-Pirquluoba-Yeni həyat avtomobil yolu tikilib istifadəyə verilib.
Bildirilib ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. İcra olunan layihəyə görə, rayon ərazisində 153 kilometr su və 151 kilometr kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulub. Əhalinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayonun 7 kəndində subartezian quyuları istifadəyə verilib. Bu il Tikanoba və Yeni Sudur kəndlərində də subartezian quyularının qazılması planlaşdırılır.
Hazırda Yalama Dövlət Damazlıq Müəssisəsinin bazasında ən müasir texnologiyalara əsaslanan pilot heyvandarlıq-südçülük müəssisəsinin yaradılması davam edir. Ümumi sahəsi 523 hektar olan “Yalama Aqropark”da 1000 başlıq iribuynuzlu heyvandarlıq kompleksi, gücü saatda 5000 ton olan yem zavodu tikilib. Növbəti mərhələdə aqroparkda gündəlik emal gücü 50 ton olan süd zavodu, 10 hektar ərazidə müasir istixana kompleksinin yaradılması, 100 hektar sahədə meyvə bağının salınması nəzərdə tutulur.
Dövlət investisiya proqramı çərçivəsində Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə Xaçmaz şəhər 7 saylı tam orta məktəb üçün mövcud məktəb binası əsaslı təmir olunmaqla, 360 şagird yerlik binanın tikintisinə başlanılıb. Məktəb binasının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatı Eldəniz Səlimov çıxış edərək, rayonda yeni emal müəssisələrinin yaradılması və kənd təsərrüfatının inkişafı üçün görüləcək işlərdən danışıblar.
Sonda yığıncaq iştirakçıları adından cənab Prezident İlham Əliyevə müraciət qəbul edilib.