Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövlətinin şanlı qələbəsi

13 noyabr 2020 | 16:00

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı.Bu bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsi, Ermənistan üçün isə faktiki olaraq kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan liderinin, ordumuzun, xalqımızın dəmir  yumruğu  Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi.

Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə bu bəyanat 30 ilə yaxındır davam edın işğala son qoyur. Bu sənəd hələ də işğal altında olan digər torpaqlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verir. Bəyanata əsasən:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar;

 2. Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək  Kəlbəcər,  dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır;

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;

4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;

 5. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;

6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;

7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;

8. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. 

 

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Keçidlər