“ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYA İŞTİRAKÇILARI XAÇMAZDA
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Hacıqabul, Ağsu, Qobustan, eləcə də Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan iştirakçılar Xaçmaz rayonuna səfər ediblər. Məktəblilər ilkin olaraq Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar.Məktəbliləri qarşılayan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova ölkəmizdə və rayonda gedən inkişaf barədə tur-aksiya iştirakçılarına məlumat verib. Daha sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə ulu öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində də olublar. Sonra tur-aksiya iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib.
Tur-aksiya iştirakçıları Xaçmazdakı Dövlət Rəsm Qalereyası, Xalça Muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar. Xaçmazla tanışlıqdan sonra məktəblilər şimal regionuna ekskursiyalarını yekunlaşdıraraq doğma rayonlarına yola salınıblar.